BU
MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN!
”Bayrağımız
ideya qaynağımızdır”
Əbülfəz
Elçibəy
Çağdaş
Azərbaycan milli hərəkatı milli-mədəni fazda ciddi müvəffəqiyyətlər
qazandıqdan sonra milli-siyasi müstəviyə keçiş sürəcinin
ağrılarını, sancılarını yaşasa da,
irəliləməkdə və artıq ciddi bir gerçəklik kimi
qlobal dünya siyasətinin diqqət mərkəzinə
çevrilməkdədir.
Qurtuluş mücadiləsi vermiş
və ya verməkdə olan millətlərin milli hərəkatlarının
təcrübəsinə baxdığımızda çağdaş Azərbaycan milli
hərəkatının yaşadığı bu ağrıların, sancıların sadəcə bizim
hərəkata məxsus olmadığını, dolayısı ilə, yaşanması və
aşılması gərəkən normal bir sürəc olduğunu görə
bilərik. Şübhəsiz ki, ağrılı, sancılı bu sürəcin aşılmasında
Azərbaycan aydınının və milli hərəkat fəallarının
üzərinə ağır məsuliyyət və vəzifələr
düşməkdədir.
Çağdaş Azərbaycan milli
hərekatının milli-mədəni fazdan milli-siyasi faza sürətli
bir biçimdəkeçmişdir. Bu sürətli keçişi arxada buraxdığı
sürəcdə qazandığı böyük nailiyyətlərlə yanaşı,
həm də uluslararası siyasi şərtlərin olumlu bir
biçimdə oluşması ilə izah etmək heç də yersiz olmaz. Ancaq
bu sürətli keçiş müsbət yönləri ilə birlikdə, yeni mərhələyə
yetərli hazırlığımızın olmaması ucbatından bir sıra sıxıntıları da
bərabrində gətirmişdir. Keçmiş hərəkatlarımızın da
təcrübəsinə dayanaraq, bu sıxıntıların düzgün təsbiti və
ortadan qaldırılması çağdaş hərəkatımızın öz
hədəflərinə doğru axsamadan irəliləməsi üçün
olmazsa-olmaz şərtdir. Bəhsini etdiyimiz bu sıxıntılar,
özəlliklə də nəzəri-ideoloji və siyasi planda
özünü açıqca göstərməkdədir.
Bu gün Azərbaycan milli
hərəkatı bütün güclü tərəfləri ilə yanaşı, nəzəri-ideoloji
planda hərəkatın təməl daşı kimi milli ideologiyanın
əhəmmiyyətinin lazımi səviyyədə dərk
edilməməsi, var olan tek milli ideologiyamızın-Müsavatçılığın
yetərincə öyrənilməməsi, Azərbaycan milli
hərəkatının ideoloji altyapısının möhkəmləndirilməmiş,
yol xəritəsinin tamamlanmamış olması, bunların ortadan qaldırılması istiqamətində
lazımı nəzəri fəaliyyətlərin aparılmaması, keçmişdəki
hərəkatlarımızın, digər xalqlarin milli hərəkatlarının
təcrübələrinin öyrənilməməsi və s. kimi,
siyasi planda ise, milli təşkilatlanmanın yetərli
səviyyədə olmaması, milli-siyasi kadrların yetərsizliyi
və s. kimi ciddi və bir an öncə həll edilməsi
gərəkən problemlərlə üz-üzədir. Burada
hərəkatın gündən-günə geniş vüsət almasından qorxuya
düşən fars şovinizminin ideoloji, siyasi və hətta fiziki anlamda
basqılarının getdikcə artdığını da nəzərə alırsaq, Azərbaycan milli
hərəkatının nə dərəcədə ciddi və
taleəhəmmiyyətli bir dönəməcdən keçdiyinin
fərqinə varmış olariq.
Durum belə ikən, bu
qədər ciddi problemlərlə üz-üzə ikən
Azərbaycan milli hərəkatı ətrafinda yeni-yeni, həm
də süni problemlərin yaradılmasının ən azından
hərəkatımıza hər hansı bir yarar sağlamayacağı kəsindir.
Son günlərdə sıx-sıx
ortaya atılan və gündəmimizi süni bir şəkildə məşgul
edən problemlərdən biri də ”Güney Azərbaycan milli
bayrağı !!!” mövzusudur.
Əslinde bu mövzunu gündəmə gətirənlərin hamısını
da eyni kateqoriyada göstərmək doğru deyildir. Yaxşı
niyyətlərinə heç şübhə etmədiyimiz, Azərbaycan
milli hərəkatına tamamilə bağlı feallar olduqlarına inandığımız
bir qrup bu gün Azərbaycanın güneyində cərəyan edən
hərəkatın bir simvola ehtiyacı olduğunu, bu simvolun
Azərbaycanın bütün potansiyelini bir araya
gətirəcəyinə inandıqlarını ifadə edir və
məlum tərhi Azərbaycan fəallarının müzakirəsinə
verir. Bu qrupun öz təkliflərini ”milli bayraq” olaraq deyil, ”milli
simvol” olaraq tanimlamaları, eləcə də, daha öncəki ”milli
bayraq” təşəbbüskarlarından fərqli olaraq diktə yolu
ilə deyil, tam konsensus yolu ilə təsdiq
elətdirməyə çalışmaları təqdirəlayiq bir haldır.
Ancaq, bu dəyərli fəallarımızın diqqətini bir necə
nöqtəyə cəlb etməyi isə özümə borc hesab
edirəm:
1. Bir
hərəkəti, özəlliklə də uluslararası arenada
sadəcə simvollar təmsil edə bilməz. Hər hansı bir
hərəkət ideoloji altyapısının möhkəmliyi, ideallarrının,
hədəflərinin aliliyi, potansiyelinin genişliyi,
proseslərə təsir imkanlarının böyüklüyü,
rəhbəriyyətinin güclülüyü, siyasi kadrlarının yüksək
səviyyəsi və ..., eləcə də simvolları ilə
birlikdə təmsil olunduqda daha güclü görünər. Demək ki, həll
edilməsi gərəkən simvoldan daha öncəlikli
problemlərə yönəlməmizdə yarar vardır.
2. Simvollar
milli idealları, amalları əks etdirdiyində, milli varlığımızla
bütünləşdiyində milli olar. Milli ideologiyani təmsil edən
bayrağin çizgilərini əyib-büzməklə, onu qaralamaqla milli
simvol yaradılmaz.
3.
Simvolların illa da bayraq olması gərəkməz, ancaq milli
hərəkata illa da bayraq formasinda bir simvol gərəkli ise,
bu simvol-bayrağın tərhini hansisa
bir terrahın fantaziyalarından deyil, qəhrəmanlıqlarla dolu
tariximizdən götürmək daha məntiqli olmazmı? Məsəla
Ulu Babəkin bayrağı. Ərəbin qara rəngindən
Babəkin qırmızı rengli bayrağı daha yey deyilmi? ( diqqət: bu bir
bayraq və ya simvol önərisi deyil, fikrimizi tamamlamaq üçün
verilən bir örnəkdir).
4. Dialoq
üçün belə sağlam bir mühitin formalaşmadığı, gərginliklər
və ziddiyyətlərlə dolu bir dönəmdə önərilən
bu və ya başqa hər hansı bir simvolun azərbaycan milli
hərəkatı sıralarında yeni ziddiyyətlər və
gərginliklərin qaynağı olmayacağından əminsinizmi?
5. Azərbaycan
milli hərəkatının davamı və irəliləməsi üçün onu
ideologiyası ilə, strateji hədəfləri ilə,
taktiklər məcmuesi ilə, daxildəki və xaricdəki
potansiyeli ilə, ictimai və siyasi təşkilatları ilə və
s. bütöv bir sistem halına gətirmək, tərkib hissələrinin
bir-biri ilə ahəngdar vəhdətini saglamaq günümüzün
önəmli zərurətidir. Daban-dabana zidd olan ve bir arada olmaları
mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə
yerləşdirmək sistemin öz
içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin,
bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı
ilə ”Quzey Azərbaycan milləti” və yaxud ”Güney
Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin
içində yer almasi mümkün deyildir.
6. Mən
Sizlərin daha öncəki ”milli bayraq təşəbbüskarları”nın
yaratdığı olumsuz ortamla bağlı qayğılarınızı tamamilə başa düşür və
saygı ilə qarşılayıram. Ancaq, atalar demişkən, qanı qanla yumaq
olmaz. Yanlışı eyni metodla düzəltməyə çalışmaq, nəinki
yanlışı ortadan qaldırmaz, hətta Azərbaycan milli
hərəkatında yanlışlar zincirinin oluşmasına zəmin yaradar.
7. Və
son olaraq, yaxşı niyyətlə müzakirəyə çıxardığınız ”milli simvol” önərisinin
Azərbaycan milli hərəkatının hədəflərinə
və mənfəətlərinə qarşı çıxmaqdan
çəkinməyən kəsimlər tərəfindən
dərhal ”Güney Azərbaycan milli bayrağı!!!” tanımlaması ilə
lanse edilməsi Sizlərə bir şeylər ifadə edirmi?
Məsələni
”milli simvol” olaraq deyil, ”Güney Azərbaycan milli bayrağı”
şəklində tanımlayan bir qrup ise, əslində müxtəlif
niyyətlərlə mövzuya yanaşsalar da, biz şərti olaraq,
hamısını eyni kateqoriyada ələ alır, hamısının yaxşı
niyyətinə inanmaq istədiyimizi bəri başdan ifadə
edirik. Ancaq niyyətin yaxşı olmasına inancımızın mahiyyətin doğru
olduğu anlamına da gəlmədiyi hər kəsin məlumudur.
Mahiyyəti
incələməyə keçmədən öncə bayraq
çeşidlərinə və bunların bir-biri ilə olan fərqinə
ötəridə olsa, toxunmaqda yarar vardır. Günümüzdə,
əsasən üç bayraq çeşidi ilə sıx-sıx rastlaşırıq: 1. dövlət
bayrağı, 2. milli bayraq, 3. teşkilat bayrağı.
Dövlət
bayrağı: Dövlətlərin hakimiyyətini, suverenliyini təmsil
edər. Dövlət bayrağı milli bayraq olmaya da bilər. Örnəyin,
Kosova öz müstəqilliyini əldə etdikdən sonra dövlətin
sınırları içərisində yaşayan digər etnik qrupların da varlığını
nəzərə alaraq, parlament milli bayrağı deyil, yeni bir bayrağı
dövlət bayrağı olaraq qəbul etdi.
Milli
bayraq: Bir millətin ideallarını, amallarını təmsil edər. Bir
bayraq, əgər arxasında millətin milli ideologiyası, milli
təfəkkür sistemi durmuşsa, milli bayraqdır. Milli bayraq dövlət
bayrağı olmaya da bilər. məsəla, Sovetlər birliyi
dönəmində Azərbaycan Respublikasının ayrıca dövlət bayrağı
vardı, lakin bu bayraq kəsinliklə Azərbaycan milli bayrağı
deyildi. Bu gün isə, 1918-dən bəri var olan milli bayrağimiz Azərbaycanın
quzeyində həm də müstəqil Azərbaycan Dövlətinin
bayrağıdır.
Təşkilat
bayrağı: Müxtəlif iqtisadi, ictimai, siyasi və b. qurum və
quruluşları təmsil edər.
Bu qısa müqəddimədən sonra,
daha öncəki təşəbbüskarlara sorub cavabını ala bilmədiyimiz
bir neçə sualı yeni ”Güney Azərbaycan milli bayrağı!!!”
təşəbbüskarlarına yönəltməmizdə yarar vardir.
1. Bildiyimiz
kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə
məxsus”, ”millətə aid” anlamını ifadə edən bir sözdür.
”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan
türkcəsi qramatikasına görə ikinci növ təyini söz
birləşməsi olub Güney Azərbaycan millətinə(?) aid
bayraq anlamına gəlməkdədir. Zənnimizcə işin buraya
qədərini düzgün bir biçimdə çözə bildik. Çözə
bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney
Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı
nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli
Azərbaycan türk millətindən fərqləndirən
məqamlar hansılardır?
2.
İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars
şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati
mənada parçalaya bildiyi, ancaq dili ilə, mədəniyyəti
ilə, mənəviyyatı ilə, amalları və idealları ilə
bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan
parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya
bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq
görmürsünüzmü? Sizcə, bu anlayiş, rus imperiyası və fars şovinizminin
ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik,
çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi?
Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi
otoritələrin altında olması Quzeydə yaşayanlarla Güneydə
yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ
bilərmi? Bizcə gəlməz. Necə ki viyetnamlılar
gəlmədi, necə ki almanlar gəlmədi. Sizcə?
3. Yuxarıda
qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür
sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının
simgəsi olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan
fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı
bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir.
”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın
əsasları nədən ibarətdir?
4. Milli
bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət
bayrağı olması uluslararası platformada hər hansı bir sorun qaynağı deyildir.
Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin
sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli,
parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız
aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur”
deyə müraciət etməmişdir. Finlandiya kimi bir hüquq dıvləti
sınırları içərisində yaşayan İsveç kökənlilər (toplam
əhalinin 10%-ini təşkil edir.) məxsus günlərdə İsveç
dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər
kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu
haqlarından imtina etməyə dəvət etməmişdir. Görəsən,
uluslararası hüququ əsas gətirərək (əsassızdır),
gündəmə gətirdiyiniz ”Güney Azərbaycan milli bayrağı”
dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi
ideyaları Azərbaycanın güneyində cərəyan edən
hərəkatımızın yaddaşından silməyə yönəlik
cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı
canfəşanlığının son günlərdə M. Ə. Rəsulzadə
və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan
məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya
çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi?
5.
Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli
bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları
içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini
düşünən Yunanistan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya
daşıdı. Bunun nəticəsində bayrağını
dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı
təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına
olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq
asan yaradılmır(Bayraqları bayraq yapan üstündəki qandır). Çünki bayraq
bizdə sanıldığı qədər ucuz deyildir. Hər kəs
əlinə bir neçə rəngli qələm alıb bu
millətə milli bayraq yaratmağa çalışırsa, bayraq qavramımız sudan
belə ucuza düşməzmi?
6.
Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər
altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq
dərəcədə fərqli olmalarına və s. baxmayaraq,
hər vasitədən istifadə edərək (o cümlədən
bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim
etmişlər. 1920-ci ildə bu günkü Türkiyə kürdləri
içərisindən çıxdığı iddia edilən bayrağı 1945-1946-da İran
kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı
olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində
yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə, həm
də bütün kürdlərin milli bayrağı olaraq təqdim
edilməkdədir. Kürdlərdə vəziyyət belə
ikən, bizim sıralarımızda bəzilərinin bütün
vasitələrdən istifadə edərək, Azərbaycanın
güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma
cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə
xidmət edir?
yazının bu bölümündə üzümü
dəyərli oxucuma tutub onlara səslənmək
istəyirəm:
Hörmətli oxucu!
Gündəmimizi məşğul
edən məlum mövzunun təşəbbüskarları(həm simgə
olaraq təklif irəli sürənlər, həm də bunu bayraq
olaraq tanımlayanlar) bilərəkdən
və ya bilməyərəkdən gözümüzün önündə
cərəyan etmiş cox yaxın tariximizi təhrif edərək,
milli öndərimiz Ə. Elçibəyin adından istifadə
edərək təşəbbüs-təkliflərini qəbul
etdirməyə çalışırlar. Nə deyirlər? Deyirlər ki, ”
Ə. Elçibəy Bütöv Azərbaycan Birliyi tərəfindən çap
olunan ”Muxtəsər Azərbaycan Tarixi” kitabında yer alan
tərhi gördüyünə görə və BAB kitabxanası seriyasından
verildiyinə görə, demək ki, onu qəbul etmişdir”. Bir qrup isə daha da irəli
gedərək iddia edir ki, Ə. Elçibəy kitabda olan bu
tərhi Azərbaycanın güneyi üçün bəzilərincə ”Güney
Azərbaycan milli hərəkatının simvolu, bəzilərincə
ise ”Güney Azərbaycan milli bayrağı” olaraq təklif etmişdir.
Təhrifə yol
verilməməsi və həqiqətin ortaya çıxması naminə,
həm Bütöv Azərbaycan Birliyi sədrinin-Ə.Elçibəyin
birinci müavini olaraq, həm də illərlə Elçibəylə bir
yerdə yaşayan və onun, özəlliklə də Güneylə bağlı
düşüncələri ilə çox yaxından tanış olma fürsətini yaxalamış
sıravi bir Azərbaycan türkü kimi mövzu ilə ilgili bir sıra
məqamlara aydınlıq gətirməyi özumə özümə borc
bilirəm:
1.yuxarıda
adi keçən kitab, kəsinliklə BAB tərəfindən çap olunmamışdır.
Sadəcə olaraq, kitabın müəllifi BAB Sədrinin ideoloji
məsələlər üzrə müavini Arif Rəhimoğluna (Allah
uzun ömür versin. Yaşayır və istəyən müraciət edib soruşa
bilər) müraciət edərək kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası
seriyasından getməsində bir saxınca olub olmadığını soruşmuşdur. Arif
bəy həmin kitabı Elçibəyə götürərək
müəllifin ricasını ona çatdırmışdır. Elçibəy kitabı
incələdikdən sonra möhtəvanı bəyəndiyini, kitabın
Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir
saxınca olmadığını ifadə etmişdir. Məlum tərhdə ay-ulduzun
nədən qara rəngdə olduğunu sorduğunda ise, Arif bəy
”bu gün Güney əsarətdədir. Güney istiqlalını qazandığında
mən də ay-ulduzu ağardacağam” deyə müəllifin fikrini
Bəyə Çatdırmışdır. Elçibəy ”bu da bir fikirdir” deyib
məsələnin üstündən keçmişdir. Diqqət edərsəniz,
bu dialoqda simvoldan və ya bayraqdan kəsinliklə söhbət
getmir. Sadəcə olaraq, Elçibəy
Güneyin istiqlalı arzusu ilə bağlı muəllifin xəyal
gücünə hörmətlə yanaşaraq, ”bu da bir fikirdir” demişdir.
2. Kitabın
kimin tərəfindən sponsorluq edildiyi, kimlər
tərəfindən çap və nəşr olunduğu, eləcə
də müəllifinin gerçək kimliyi bizə tamamilə
məlumdur. Lakin siyasi etika gərəyi, özləri
istəmədiyi müddətcə bu bizdə saxlı qalacaqdır.
3. Yuxarıda
nöqtəsinə, vergulunə qədər verdiyimiz dialoqda, eləcə
də adı çəkilən kitabda bayraq və ya simvol deyə
tək bir sözün belə keçmədiyi halda, sadəcə BAB
kitabxanası seriyasından gedən bir kitabda yer aldığına görə hər
hansı bir rəsm əsəri və ya tərhin Elçibəyin
Güneyə bayraq və ya simvol önərisi kimi təqdim
edilməsini təşəbbüsün ideya babası və ya ideya babalarının
məntiq zəifliyi ilə izah etmək sadəlövhlük olar
deyə düşünürük.
4. ”Dil
təfəkkürün yansımasıdır. Biz ”Güney Azərbaycan” və ya
”Quzey Azərbaycan” dediyimizdə təfəkkürümüzdə
Azərbaycanın parçalanmışlığını qəbul etmiş, rus imperiyası və
fars şovinizminin iradəsinə boyun əymiş kimi görünürük”
deyə bizləri bu sözlərin yerinə ”Azərbaycanın güneyi”,
”Azərbaycanın quzeyi” kimi ifadələri işlətməyə
çağıran Elçibəy Azərbaycanın güneyi üçün milli bayrağımızdan
fərqli bir ”milli bayraq” təklif edərmi? Ayrı-ayrı
millətlərin ayrı-ayrı milli bayraqları ola biləcəyini, eyni
millətin isə sadəcə bir milli bayrağı ola
biləcəyini bizlərə öyrətdiyi halda, Azərbaycanın
güneyinə ayrıca bir milli bayraq təklif etməsi Elçibəyin
özü-özünü inkar etməsi anlamına gəlməzmi? Elçibəyin özü
özünü inkar edən bir lider olduğuna
inanırsınızmı?
5.
Elçibəy irsini araşdırıb öyrənənlər bilirlər ki,
Elçibəyin bayraq mövzusu ilə bağlı təfsirə ehtiyacı olmayan
konkret fikirləri vardır. bunlardan bəziləri:
*...Azərbaycanın güneyində
yeni bayraq yaranmayacaq. Oraya bu bayraq gedəcək. (Elçi
düşüncələri, səhifə: 115)
* Mən
demişəm ki, bu bayraq Təbrizdə dalğalanacaq. Onu
mərəndli də, təbrizli də, gəncəli də,
bərdəli də sanca bilər. Onu sancan adamı mən bağrıma
basacağam və o mənim qardaşım olacaq. Ancaq, onu mən sancsam, bu
mənim böyük xoşbəxtliyimdir,
ən böyük şərəfimdir. (Bütöv Azərbaycan Yolunda,
səhifə: 280)
* Mən
əminəm ki, yaxın vaxtlarda üçrəngli bayrağımız Azərbaycanın
güneyində də dalğalanacaq. Azərbaycanın güneyində,
əslində onu gizli olsa, daşıyırlar.
(Bütöv Azərbaycan Yolunda, səhifə: 327)
Son
söz:
Gəlin
millətimizin qan bahasına, can bahasına əldə etdiyi
dəyərləri birlikdə qoruyaq. Bu millətin ayını,
ulduzunu qaraltmayın, işıq-ideya qaynaqlarını qurutmağa çalışmayın. Cızdır,
yanarsınız!
Saygılarımla:
Çingiz Göytürk
13.07.2008